Reklam verin!

MÜĞƏNNİLƏRİMİZ SİÇAN İLİNİ HARADA QARŞILAYACAQLAR?

Yazar: Fərhad @ Dekabr 17, 2007 19:55
Yeni ilə sayılı günlər qalıb. Paytaxtın küçələrində artıq bayram əhval-ruhiyyəsi duyulmaqdadır. Şəhərimizin mərkəzi küçələrindən olan “Torqovı” şam ağacları ilə bəzədilib. Hələ biz Şaxta baba və Qar qızdan danışmırıq. Öncə oxucularımızın nəzərinə çatdıraq ki, gələn saylarımızda sizlərə şəhərin mərkəzi küçələrindən reportaj təqdim edəcəyik. Reportajda Şaxta baba və Qar qızın bu ildə üzləşdiyi problemlərdən danışacağıq, biləcəyik ki, onlar bu il qiyafələrini neçəyə əldə ediblər. Çünki son bir ildə sürətli bahalaşma olub.

Hamı üçün maraqlıdır, görəsən, bu il Şaxta Baba və Qar qızla şəkil çəkdirmək neçəyə başa gəlir? Odur ki, növbəti sayımızı qaçırmayıb mütləq oxuyun.
İndi isə sizlərə şou-əhlindən danışaq. Nə qədər qəribə səslənsə də, deməliyik ki, bu gün az qala Azərbaycan cəmiyyətinin yarısını qiymət artımından daha çox müğənnilərin şəxsi həyatı və qalmaqallar maraqlandırır. Biz də bunu nəzərə alıb onlardan Yeni ili necə və harada qarşılayacaqlarını soruşduq. 


Aygün Kazımova: “Yeni ili həmişə səhnədə qarşılamalı oluram”

Xalq artisti İlhamə Quliyeva Yeni ili doğmalarının əhatəsində qeyd edəcək. Həmişə olduğu kimi, o, 2007-ci ili anası Tükəzban İsmayılova ilə birgə yola salacaq.
Sənətdə hər zaman novatorluq edən əməkdar artist Aygün Kazımova isə təzə ili duet ortağı Namiq Qaraçuxurlu ilə birgə səhnədə qarşılayacaq:"Saatlar 12 tamamı göstərəndə isə qızım İlqarəyə zəng edib onun bayramını təbrik edəcəyəm. Bilirsinizmi, Yeni ili həmişə səhnədə qarşılamalı oluram. Hamıya cansağlığı arzu edirəm, siçan ilində siçan kimi qorxaq olmasınlar, mərd olsunlar. Bax elə mənim kimi."
2007-ci ilin ona düşərli olduğunu dilə gətirən A.Kazımova Qaban ilində əldə etdiyi uğurları sadalamağı da unutmadı: “Bu il mənim üçün plastik əməliyyatım, yeni mahnılarım, kliplərim və konsertimlə yadda qaldı” .
Bu arada xatırladaq ki, Aygün Kazımova bayramı səhnədə qarşılamaqla maddi vəziyyətini daha da yaxşılaşdırmış olacaq. Belə ki, onun həmin gün 30 dəqiqəlik çıxışı 6000 manata, təzə ildə isə 9000 manata qədər qalxacaq.

Faiq Ağayev: “Yeni ili ailəmlə birgə qaşılayacağam”

“Cənab qızıl şlyager” də həmkarından sözün əsl mənasında geri qalmayacaq. Şou-proqramlara qatılmaq öz yerində, əməkdar artist saat 12-də doğmalarının yanında olacaq: “Bir neçə yerdə çıxışım olacaq. Saat 12-yə yaxın evdə olacağam və Yeni ili ailəmlə birgə qaşılayacağam” . Məsələnin maliyyə tərəfinə gəlincə F.Ağayev təzə ildə varlanacağını heç də gizlətmir. Sadəcə, yarım saatlıq çıxışından nə qədər qazanacağını sirr saxlayır... Ola bilsin, müğənni gözə gəlməkdən qorxur. Nə bilmək olar?

Tünzalə Ağayeva bayramda qardaşlarının yanında olacaq

İşlərinin çoxluğundan şikayətlənən əməkdar artist Tünzalə Ağayeva mütləq vaxt tapıb 2008-ci ili evdə qarşılayacaq: “Dekabrın 31-də ailəmlə övladımla, qardaşlarımla, yaxın dostlarımla bərabər olacağam”. Yeri gəlmişkən, müğənni “Freska” adlı mahnı yazdırır. Musiqisi ölməz bəstəkar Rafiq Babayevə məxsus olan mahnı vokaliz janrında olacaq.

Sevda Ələkbərzadə təzə ildə şou-proqramlardan imtina edəcək

Səs-sorağı Avropa ölkələrindən gələn əməkdar artist Sevda Ələkbərzadə isə siçan ilini Bakı Caz Mərkəzində qarşılayacaq. Niyəsini qoy özü desin: “Çünki bütün dostlarım və rəfiqələrim həmin məkanda olacaqlar”. Həmkarlarından fərqli olaraq şou-proqramlara qatılmaq fikrində olmayan Sevda sən demə, bu vərdişindən bir neçə il öncə əl çəkib: “Düşünürəm ki, bayramda evdə olsam, Yeni ili daha maraqlı qarşılamış olaram”.

Eyyub Yaqubov bayramda “Elbara”da olacaq

Əməkdar artist Eyyub Yaqubov da Sevda Ələkbərzadə kimi düşünür. Bununla belə, müğənni pul qazanmağı da yaddan çıxarmır: “İşimlə bağlı həmin gün bir neçə yerdə çıxışım olacaq. Yeni il axşamı məni bir çox yerə dəvət ediblər. Amma Yeni il gecəsi ailəmlə də oluram”. Təzə ili “Elbara” restoranında qarşılayacağını dilə gətirən Eyyub Yaqubov həmin gün yarım saatlıq çıxışından 4000 manat qazanmış olacaq.

Xatirə İslam Yeni ildə də pul qazanmaqla məşğul olacaq

Müğənni Xatirə İslam da Yeni ili ailəsi ilə birgə keçirmək istəyir. Amma neyləmək olar, maliyyə problemlərini həll eləmək lazımdır, ya yox? “Həmin gün 3 restoranın şou proqramında çıxışım olacaq”, - deyən Xatirə özü də etiraf edir ki, bunsuz mümkün deyil.

Rəqsanə: “Səhərə kimi restoranlarda pul qazanacağam”

Başı qeylü-qaldan açılmayan Rəqsanə də Yeni il gecəsini evdə keçirməyəcək. Borc içində üzən müğənni nəhayət, təzə ildə kasıblığın daşını atacaq: “Mən də bəzi həmkarlarım kimi Yeni ili evdə - qızımla yox, şou-proqramlarda qarşılayacağam. Açığı, bu il yaman çox şou-proqramlardan dəvət almışam. Səhərə kimi restoranlarda pul qazanacağam” .
Bazar olsun, Rəqsanə! Sizə kiçik bir sirr açaq, bayramda müğənninin yarım saatlıq çıxışı 4000 manat olacaq.

Lalə Məmmədova Siçan ilində 1500 dollar qazanacaq

Özü haqqında hər zaman “ağır oturub, batman gələn” imicini formalaşdıran müğənni Lalə Məmmədova da Siçan ilini səhnədə qarşılayacaq. Həmkarlarından fərqli olaraq Lalə xanım insaflıdır. O, yarım saatlıq çıxışına görə 1500 manat alacaq.

Röya: “Mən heç bir şou-proqrama qatılmayacağam”

Deyəsən, Röyanın var-dövləti başından aşır. Belə olmasaydı, Röya da həmkarları kimi şou-proqramlarda çıxış edərdir: “Mən heç bir şou-proqrama qatılmayacağam” .
Bu da bizim çal-çağır əhli. Onların Yeni illə bağlı planları çoxdur. Amma etiraf edək ki, həmişə müğənnilərimizi yaradıcılıqdan daha çox madiyyat maraqlandırıb. Belə olmasaydı, onlar heç olmasa bircə gün şou-proqramlardan imtina edərdilər.


Aytən HƏSƏNOVA

http://www.musavat.com

Şərh yazın

  • shocked
  • smile
  • evil
  • grin
  • question
  • lol
  • rolleyes
  • mad
  • wink
  • razz
  • confused
  • redface
  • cool
  • suprised
  • cry
  • sad

captcha