Hamı üçün maraqlıdır, görəsən, bu il Şaxta Baba və Qar qızla şəkil çəkdirmək neçəyə başa gəlir? Odur ki, növbəti sayımızı qaçırmayıb mütləq oxuyun.
İndi isə sizlərə şou-əhlindən danışaq. Nə qədər qəribə səslənsə də, deməliyik ki, bu gün az qala Azərbaycan cəmiyyətinin yarısını qiymət artımından daha çox müğənnilərin şəxsi həyatı və qalmaqallar maraqlandırır. Biz də bunu nəzərə alıb onlardan Yeni ili necə və harada qarşılayacaqlarını soruşduq.
MÜĞƏNNİLƏRİMİZ SİÇAN İLİNİ HARADA QARŞILAYACAQLAR?
DAHA BİR QADIN MÜĞƏNNİ SOYUNDU
Şou-biznes aləmində məşhurlaşmağın asan bir yolu da soyunmaqdır. Əgər müğənninin səsi yoxdursa, əvəzində gözəgəlimli əndamı varsa, soyunandan sonra da bir mahnıda deyildiyi kimi, açılır eşqin qapısı həmin müğənnilərin üzünə. Sponsor-sevgililər düzülür bir-birinin ardınca. Daha bundan sonra müğənninin nə dərdi olacaq?!
“Soyunmaq siyasəti”ni şou-biznesimizə ilk dəfə əməkdar artist Aygün Kazımova gətirib. Xatirinizdədirsə, müğənni xanım bir müddət səhnədən uzaq düşsə də möhtəşəm dönüş elədi.
Təbii, bədəninin sayəsində. O, jurnalların üz qabığını çılpaq şəkilləri ilə bəzədi. Sonra zöhrəvi xəstəliklərdən qorunmaq üçün çəkilən reklam çarxlarının qəhrəmanına çevrildi. Bununla da Aygün Kazımova el arasında əməlli-başlı ad qazandı...
Maşallah, Röya da sələfindən geri qalmadı. Aygün Kazımova kimi kamera qarşısında soyunan Röya məşhurluğunun pik nöqtəsinə məhz bu yolla çatdı.
Bədənini xalqa nümayiş etdirən Röya sonralar mahnıları və mobil telefonlarda yayılan qeyri-adi mini-klipləri ilə də bayağı və səviyyəsiz musiqi pərəstişkarı olan primitiv qafalı musiqisevərlərin qəlbini “fəth” edə bildi.
Bu günlərdə daha bir müğənni soyunmaq qərarına gəlib. Söhbət Muğam Teatrının solisti Ziyafət Yaqubovadan gedir. Özü barədə həmişə “ağır otur, batman gəl” qənaətini formalaşdıran Ziyafət Yaqubova da həmkarlarından geri qalmamağa çalışıb. İnsafən, alınıb da! Müğənninin “gözqamaşdırıcı” şəkli Trend.az saytında yerləşdirilib. Bu şəkli görəndə gözümüzə inanmadıq. Çünki bir neçə il öncə Ziyafət xanımdan müsahibə götürərkən o, israrla bildirmişdi ki, ömür-billah soyunmayacaq. Agentliyə açıqlamasında isə müğənni xanım beləcə də deyib: “İstəsəydim, tamamilə çılpaqlanardım”.
Bir balaca görkəmin olandan sonra niyə də soyunmayasan, ay Ziyafət xanım?! Onsuz da indi sənətə gələn müğənniləri musiqidən daha çox maddi vəziyyətlərini yaxşılaşdırmaq - böyük və cah-cəlallı malikanələrdə yaşamaq, bahalı avtomobillərdə gəzmək, bu paltarı soyunub o birini geyinmək maraqlandırır. Təkcə geyinməkmi? Bu suala cavabı onlar - müğənnilər versə yaxşıdır.
Mənbə: Yeni Musavat Qəzeti



